Meal Seç / Sure Seç

əl-Fəth Suresi

(AZERBAIJANI) QURAN


48 - əl-Fəth
Mərhəmətli, rəhmli Allahın adı ilə!
        
əl-Fəth (Fəth) surəsi (Mədinədə nazil olmuşdur, 29 ayədir)
1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kə'bənin yerləşdiyi Məkkə şəhərinin, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!
2. Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan ne'mətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!
3. Allah sənə yenilməz qələbə verəcəkdir!
4. Mö'minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mə'nəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
5. (Cihad əmri ona görədir ki) Allah mö'min kişiləri və qadınları əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin və onların günahlarının üstünü örtsün. Bu, Allah dərgahında böyük qurtuluşdur (uğurdur)!
6. (Cihad əmri həm də ona görədir ki) Allah (Muhəmmədin Rəbbi nə Muhəmmədin özünə, nə də mö'minlərə kömək edəcəkdir -deyə) Onun barəsində bədgüman (bədniyyət) olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın! Allahın onlara qəzəbi tutmuş və (Allah) onlara lə'nət etmişdir. (Allah) Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora necə də pis məskəndir!
7. Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
8. (Ya Rəsulum!) Həqiqətən, Biz səni (bəşər övladına) bir şahid, bir müjdəçi və (Allahın əzablı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik.
9. (Biz onu göndərdik ki, siz insanlar) Allaha və Onun Rəsuluna iman gətirəsiniz, Ona (Allaha, yaxud Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız və (Allahı) səhər-axşam təqdis edib şə'ninə tə'riflər deyəsiniz!
10. (Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında bey'əti-rizvanla) sənə bey'ət edənlər, şübhəsiz ki, Allaha bey'ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (bey'əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!
11. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblər sənə deyəcəklər: "Mal-dövlətimiz və ailələrimiz başımızı qatdı (səninlə yola çıxa bilmədik). (Allahdan) bizim bağışlanmağımızı dilə!" Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər. (Onlara) de: "Əgər Allah sizə bir zərər, yaxud bir xeyir vermək istəsə, bu işdə Allaha bir şeylə kim mane ola bilər?!" Bəli, Allah sizin nə etdiyinizdən xəbərdardır!
12. Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö'minlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!
13. Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq!
14. Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!
15. Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: "Qoyun biz də sizin arxanızca gələk!" Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: "Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur" Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)". Xeyr, onlar özləri çox az qanan kimsələrdir!
16. (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: "Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər".
17. (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər!
18. (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey'ət etdikləri zaman Allah mö'minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mə'nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı.
19. Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
20. Allah sizə çox-çox qənimətlər və'd buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö'minlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı).
21. Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər və'd buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir!
22. Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar.
23. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və mö'minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar).
24. Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu).
25. Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö'min kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz mö'minlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər onlar (mö'minlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik!
26. Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə "bismillahir-rəhmanir-rəhim", "Muhəmmədun rəsulullah" sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö'minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mə'nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah" sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir!
27. And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö'yasının çin olduğunu təsdiq etdi. (Ey mö'minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə'ziniz) başınızı qırxdırmış, (bə'ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq "inşallah" demək lazımdır!)
28. Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!
29. Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (mö'minlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki mö'minlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) və'd buyurmuşdur!
KURAN uygulamasını telefonunuza siz de yükleyin: