1. |
(Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
|
2. |
O, insanı laxtalanmış qandan yaratdı.
|
3. |
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
|
4. |
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
|
5. |
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
|
6. |
Xeyr, insan azğınlıq edər,
|
7. |
Özünün dövlətli olduğunu gördüyü üçün!
|
8. |
Axı sənin axır dönüşün Rəbbinədir!
|
9. |
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
|
10. |
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
|
11. |
Bir de görək, əgər o doğru yoldadırsa,
|
12. |
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
|
13. |
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur'anı) yalan sayır və (imandan) üz döndərirsə,
|
14. |
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
|
15. |
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
|
16. |
Özü də yalançı, günahkar kəkilindən!
|
17. |
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
|
18. |
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
|
19. |
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
|